Gəncədə uzunluğu 12 metr, çəkisi 2 ton yarım olan paxlava bişirilib
Şirniyyat 8 min 500 manata başa gəlib
Gəncədə uzunluğu 12 metr, çəkisi 2 ton yarım olan paxlava bişirilib. Şəhər icra hakimiyyətinin təşəbbüsü ilə 10 gün ərzində hazırlanan bu böyük şirniyyat üçün 325 kq qoz ləpəsi, 350 kq şəkər, 7 min ədəd yumurta, 325 kq kərə yağı, 100 litr süd və 300 kq undan istifadə olunub.
Şirniyyatçı Müzəffər Agüloğlunun sözlərinə görə, şirniyyat 8 min 500 manata başa gəlib. 8 min 400 kiçik hissədən ibarət olan paxlava kəsilərək bu gün sakinlərə paylanıb.
Gəncəlilərə təqdim edilən digər bir bayram sürprizi isə uzunluğu 17 metr olan səməni idi. Onun mərkəzi hissəsində Gəncənin simvolu əks olunub.
Sonra bayram şənliyi konsert proqramı ilə davam edib və meydanda böyük Novruz tonqalı qalanıb. Göy qurşağının yeddi rəngini əks etdirən çadırlarda el sənəti, milli mətbəximiz və adət ənənələrimiz nümayiş etdirilib. Bayram tədbirində iştirak edən Novruz personajları olan Keçəl və Kosanın, eləcə də kəndirbazların çıxışı şənliyə xüsusi Novruz ovqatı qatıb.
Yeri gəlmişkən, Novruz bayramı münasibıəti ilə Bərdə rayonunda isə səməni göyərdilib. Şəhərin mərkəzi küçəsindəki meydançada qoyulan səməninin hündürlüyü 6, diametri 4,5 m-dir. Bu səməninin cücərdilməsində 80 kq buğdadan istifadə olunub. /ANS TV/